
Azərbaycan Kapoeyra Federasiyasının və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kapoeyra istiqaməti üzrə təlimçiləri Asya Atayeva və Elsəvər Heydərov, Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində təlimlərə başlayıblar. Bu qəbildən növbəti görüş 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə keçirilib.
Fərqli yaş qruplarından olan iştirakçılara layihənin məqsədi və kapoeyra idman növü haqqında ətraflı təqdimat edilib. Təlimin praktiki hissəsində iştirakçılar kapoeyranın əsas hərəkət və texnikaları ilə tanış olublar.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi uşaq evlərində, sığınacaqlarda yaşayan valideyn himayəsindən məhrum və ya valideynini itirmiş uşaqlarda kapoeyraya maraq yaratmaqdır. Bununla yanaşı, aztəminatlı ailələrin övladları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqları və şəhid ailələrinin üzvləri də layihəyə cəlb olunacaqlar.
Gələcəkdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Kapoeyra klubunun yaradılması planlaşdırılır. Klub üzvlərinin ölkə və beynəlxalq çempionatlarda iştirakının təmin edilməsi isə layihənin prioritetlərindən biridir.
