Sherifzade 75 A, Baku, Azerbaijan

AKF-in vitse-prezidenti Elgiz Əlizadə Prezident İlham Əliyev tərəfindən yüksək mükafatla təltif edilib.

76672ac3-589e-46f7-801a-1774440022d8

Azərbaycan Kapoeyra Federasiyasının vitse-prezidenti, Baş Məşqçi və Məşqçilər Kollegiyasının sədri Elgiz Əlizadə, kapoeyra idman növünün Azərbaycanda inkişafı, geniş yayılması və gənclərin bu idman növünə cəlb edilməsi sahəsindəki əvəzsiz xidmətlərinə görə yüksək mükafata layiq görülüb. 2024-cü ilin idman yekunları ilə bağlı keçirilən rəsmi tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elgiz Əlizadəyə mənzil təqdim edilib. Bu mükafat, onun kapoeyranın Azərbaycanda daha da genişlənməsindəki liderlik rolunun və idmana verdiyi qiymətli töhfələrin yüksək qiymətləndirildiyini bir daha sübut edir.

Elgiz Əlizadə, həmçinin Ümumdünya Kapoeyra Federasiyasının idarə heyətinin üzvüdür və bu sahədəki fəaliyyətini yalnız Azərbaycanda deyil, beynəlxalq aləmdə də genişləndirib. O, kapoeyranın tədrisi və inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirmiş, idmançıların hazırlığına dair innovativ metodlar tətbiq etmiş və kapoeyranın solo yarış qaydalarını yaratmışdır.

Onun rəhbərliyi altında, 2024-cü ildə Azərbaycan Kapoeyra Yığma Komandası Avropa Çempionatında ümumi medal sayında birinci yerə layiq görülmüş və Braziliyada keçirilən nüfuzlu beynəlxalq turnirdə ikinci yeri tutmuşdur.

Bu yüksək mükafat, yalnız Elgiz Əlizadənin şəxsi uğuru deyil, həm də Azərbaycan kapoeyrasının beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümüzü bildiririk.