19th Ave New York, NY 95822, USA

Storm Capoeira Qrupu-nun rəhbəri Oxçu Şahmuradov Dünya 2-cisi oldu!

28 Fevral – 31 Mart tarixlərində Dünya Kapoeyra Federasiyasının (WCF) təşkil etdiyi JOGA MANEİRO dünya çempionatı baş tutub.

“Yeni Sabah” xəbər verir ki, çempionat onlayn keçirilib. Bu çempionatda 20-yə yaxın ölkə – Koreya, İtaliya, Yaponiya, Polşa, Amerika, Estoniya Avstralia və digərləri iştirak edib. Bu ölkələr arasında Kapoeyranın vətəni olan Brazilya idmançıları da çoxluq təşkil edib.

Eyni zamanda Azərbaycan Kapoeyra Federasiyasının yığma komandasının idmançıları da bu yarışda özlərini sınayıb. Oxçu Şahmuradov yarışmanın final mərhələsinə kimi irəliləyib, yalnız son mərhələdə 0.4 % fərqlə polşalı rəqibindən geri qalaraq 2-ci yerə çıxıb.

Oxçu Şahmuradov 1990-cı il mayın 11-də Rusiya Federasiyasının Omsk vilayətində dünyaya göz açsa da, Zəngilandandır. Zəngilan işğal ediləndə o da ailəsi ilə birgə məcburi köçkün həyatı yaşayıb.

Qaçqın düşdükdən sonra Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsindəki yataqxanada məskunlaşıblar. Oxçu idmanla beş yaşından məşğul olmağa başlayıb.  2004-cü ildə 14 saylı Bakı peşə liseyinə qəbul olub. 2007-ci ildə orada kompüter operatoru ixtisası üzrə təhsilini başa vurub. On səkkiz yaşı olanda atasını və anası qısa zaman fərqi ilə vəfat edib.

Oxçu Şahmuradov o günləri belə xatırlayır: “Həyatımın çətin günlərində əmin oldum ki, hələ uşaq yaşlarımdan atam həyat yolumu düzgün istiqamətləndirib. İdman mənə mənəvi güc verdi və üzərimə düşən məsuliyyətin öhdəsindən gələ bildim. 2009-cu ildə hərbi xidmətə çağırıldım.  Murovda manqa komandiri kimi xidmət etdim”.

2011-ci ildə hərbi xidmətini başa vurub evə döndükdən sonra bir neçə yerdə işləyib. Sonradan imtahan verib SOCAR-TTSİ Təlim tədris mərkəzinə qəbul olunub. Təhsilini bitirdikdən sonra öz ixtisası üzrə Nəzarət Ölçü Cihazları və Avtomatika üzrə çilingər kimi SOCAR NQTT Dəmir-Beton Məmulatları İdarəsi bölümündə işə başlayıb.

Oxçu öz bacarıqlarını SOCAR-ın təşkil etdiyi İdman Spotakiadalarında çox sayda qızıl medalla təltif olunub NQTT trestinin idman sahəsində adını yüksəldib. Artıq altı ildir çalışdığı bu kollektivə doğmalaşıb. Eyni zamanda, idmançı kimi də fəaliyyətini uğurla davam etdirir.

O, Karate Do – Qara kəmər 2-ci dan sahibi, Azərbaycan kuboku çempionatının yeniyetmələr arasında keçirilən yarışın, kikboks üzrə dünya və Avropa, boks üzrə “Neftçi” çempionları, Bakı birincisi, Free Fighting üzrə Avropa çempionu, yüngül atletika üzrə respublika çempionu, 2-ci dərəcəli idman ustası, kapoeyra üzrə dördqat respublika çempionu, Azərbaycan kuboku çempionu, Dünya 2-cisi, Avropa 3-cüsüdür. Yaşıl-ağ kəmər sahibi, 1-ci dərəcəli idman ustası, 1-ci dərəcəli idman hakimidir.

Kapoeyraya marağı uşaqlıq illərində “Ən güclülər” filminə baxdıqdan sonra yaranıb. 2006-cı ildən həmin idman növü ilə məşğuldur. İndi o, Azərbaycan Kapoeyra Federasiyası 2-ci dərəcəli idman hakimi, Dünya Kapoeyra Federasiyası 2-ci dərəcəli idman hakimi, Azərbaycan Kapoeyra Federasiyasının müəllimi və Storm Kapoeyra İdman klubunun rəhbəridir. Hazırda rəhbərlik etdiyi klubda 70-dan çox idmançı fəaliyyət göstərir. Tələbələri arasında respublika və dünya çempionları var.

Oxçu Şahmuradov deyir: “Məni ruhdan salmaq asan deyil. Məqsəd varsa, hədəflərimi müəyyənləşdirir, sonuna qədər gedirəm. Mənim həftəlik və gündəlik planlarım olur. Əgər o planlara riayət edirəmsə və hər şey öz yolunda gedirsə, vaxtdan şikayətim olmur. Hər gün işdən sonra məşqlərə gedirəm. İdman mənim üçün həm də hobbidir. Çünki idmanla məşğul olmaqdan, tədris etməkdən, gənclərə düzgün yol göstərməkdən zövq alıram”.

Oxçu Şahmuradov Azərbaycandan kənara çıxan həmyerlilərimizə müraciət edərək deyib: “İndi bəzi gənclərimiz şikayətlənir, iş yoxdur, yaxud qayğıları çoxdur. Torpağı sevmək lazımdır. Çünki bura vətəndir. Gedənlər nə vaxtsa geri dönmək istəyəcəklər. Gənclərə arzum budur ki, heç vaxt ruhdan düşməsinlər. Məqsədlərini, hədəflərini müəyyənləşdirsinlər və unutmasınlar ki, onlara çatmamış ruhdan düşmək, geri çəkilmək uğurun bir addımlığından geri qayıtmaqdır…”